Главная » Файлы » TARİXİ MƏLUMATLAR |
[ Скачать с сервера (17.3 Kb) ] | 06.06.2013, 11:06 |
Bildiyimiz kimi, II və III əsrlərdə bəzi insanlar "dini roman” xüsusiyyətli bəzi əsərlər yaratmış və bunu "incil” adlandırmışdır. Lakin İncilin doğruluğu araşdırılarkən mütləq ordakı hadisələrin digər tarixi kitablarda da təsdiqlənib təsdiqlənmədiyinə diqqət yetirmək lazımdı. Məsələn İncildə adları çəkilən hakimlərin doğurdanda həmin dövrdə hakim olduğu, ərazi, pul və digər vahidlərin o dövrün müvafiq vahidləri ilə uyğun gəlib gəlmədiyi, yazılış tərzinin həmin dövrün digər əsərlərdəki müəllif psixologiyası ilə üst-üstə düşdüyü mütləq nəzərə alınır. Sonuncu dəfə XVI və ya XVII əsrdə bu tip bir kitab meydana gəlmişdir: belə ki bu əsər "Barnabanın İncili” adlanırdı və Həvari dövründə yazıldığı iddia edilirdi. Əsəri yazanın kim olduğu dəqiq bilinməsə də, ancaq əsərin dəsti xəttinə baxıldığı zaman bunu Xristianlıqdan İslama keçmiş bir insanın yazdığı açıq görünməkdədir. Bu insan, özünü haqlı göstərmək və İslamı müdafiə etmək üçün İslamda olan bütün şeyləri bu "incildə” əsaslandırmışdır. Əsər bu sözlərlə başlayır: " Allah tərəfindən dünyaya göndərilən yeni bir peyğəmbər olan və Məsih adlandırılan İsanın həqiqi İncili, Həvarisi olan Barnabanın danışdıqlarına görə” . Əsərin bir əlyazması var, bu da Vyanada tapılmış və XVI əsrin son illərində ya da XVII əsrin ilk illərində yazılmış olan İtalyanca tərcümədir. Əsər İsa Məsihin bütün həyat hekayələrini özündə əks etdirir, yəni təxminən bəzi dəyişiklikləri nəzərə almasaq, digər İncillərdə olduğu kimidir. Qəribəsi odur ki, dəyişikliklər hamısı İslam inancına görədir. Məsələn : 1-ci əsrdən 7-ci əsrə kimi İsa Məsihin çarmıxa çəkildiyini həm Onun tərəfdarları, həm də əleyhdarları qəbul edirdi. Amma VII əsrdə İslam peyğəmbəri Məhəmməd bu inancı yalan adlandıraraq, əslində İsa Məsihin çarmıxda ölmədiyi, Onun yerinə, Onu düşmənlərə təslim edən Yəhuda İskariotun öldüyünü iddia etdi. Eyni iddia "Barnabanın İncilində” də mövcuddur. Ən maraqlısı budur ki müsəlmanlar tərəfindən "ən doğru” hesab edilən İncildə çoxlu ciddi coğrafi və tarixi səhvlər vardır: Məsələn Qüds və Nəzarət limanlarından bəhs olunur, guya həmin şəhərlər dəniz sahilindədir. Amma xəritəyə baxdığımız zaman, o şəhərlərin heç birinin yaxınlığında dəniz olmadığı aşkar görünür. (Maraq üçün bax: Barnaba İncili, bab 143 : 151-152-ci sətirlər, (İsa Məsih Nəzarətdən Yerusəlimə (Qüds) gəmi ilə getməsi haqqında) ). Burada aşkar görünür ki əsəri yazan adan Fələstinlə əyani tanış deyil, sözün əsl mənasında bəzi şeyləri "uydurmuşdur”. Eyni zamanda əsərdə ən kiçik pul vahidinin lepton olduğundan danışılır ki, halbuki bu pul vahidi ən tezi 15-ci əsrdə İspaniyada dövriyyədə olmuşdur və heç vaxt Fələstində işlənməmişdir. (Qeyd edək ki 1-ci əsrlərdə ən kiçik pul vahidi "dirhəm” idi.) Baxmayaraq ki müsəlmanlar bu incili müdafiə edirlər, amma bəzi məsələlərdə Quran ilə bu İncil arasında ziddiyyətlərdə mövcuddur. Məsələn : "İnsan Yaradanın özünə verdiyi qadınla kifayətlənsin və başqa hər qadını unutsun.” deyə yazılır ki, bu da İslam şəriətində ki "bir kişiyə dörd qadının halal olduğu” prinsipinə ziddir. Bütün bu xətalarla əlaqədar və habelə, əsərin göstərilən hadisələrdən 14-15 əsr sonra yazıldığını da nəzərə alsaq, bu mətnin heç bir dəyəri olmadığını görərik. Demək olar ki, heç bir İncilçilər, hətta Xristian olmayan İncilçilər bu əsərin həqiqi olmadığını təsdiqləmişlər. Hətta bəzi islam alimləri də əsərin doğruluğuna şübhə ilə yanaşırlar. (Maraq üçün bax: Dr. Gulami Cilani Bark (Pakistan, 1945); Abbas Mahmut el-Akkad (1961); Süleyman Sahit (1974); Prof.E.R.Hambye (New-Delhi, 1975); Prof.Muhammed Yahya el-Haşimi (Rabitat al- Alem al- İslam" 1977). Baxmayaraq ki, bu kitab bir neçə dəfə çap edilmiş, İran İslam Respublikasının kinomotoqrafları tərəfində film şəklində işıqlandırılmış olsa da, Xristian dünyası kitabın birmənalı şəkildə həqiqətə uyğun olmadığını müdafiə etməkdədir. Hətta kitab yəhudilərin sırf real hadisələrdən bəhs olunan, daha çox tarixi əhəmiyyətli Talmud kitabı ilə də böyük ziddiyyət təşkil etməkdədir. (Talmudda İsa adlı birinin, Musanın qanunlarını pozduğu, özünü Allahın Oğlu, xilaskar adlandırdığı üçün Pasxa bayramında cəzalandırıldığı, öldürülüb qəbirə qoyulduğu, 3 gün ərzində (güman edilir ki) qəbirdən oğranıldığı qeyd olunub. Halbuki, Barnaba İncilində İsa - Musanın qanunlarını öyrədən bir müəllim (ravin) olduğu, özünü Allahın qulu və peyğəmbəri adlandırdığı, və gələcək xilaskar barədə müjdə verdiyi, öldürülmədiyi, qəbirə qoyulmadığı iddia olunur.) Bəzilərinə görə 325 –ci ildə İznikdə (Kiçik Asiya) yığılan ruhani məclisdə (Konsil) bəzi incillərin habelə Barnaba İncilinin qadağan edildiyi iddia edilir. Amma İznik Konsilinin keçirilmə proqramına və mətnlərə baxıldığı zaman, bu Konsildə hər hansı İncilin doğru və ya səhv olduğu yox, daha çox İsa Məsihin şəxsiyyəti müzakirə edilmişdir. | |
Просмотров: 732 | Загрузок: 30 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0 | |